KOMİTƏ TƏKZİB, VƏKİL İSƏ İSRAR EDİR
Dini komitənin eksperti Ceyhun Məmmədov:
“Qurana mənfi rəy verməmişik”
KOMİTƏ TƏKZİB, VƏKİL İSƏ İSRAR EDİR
Dini komitənin eksperti Ceyhun Məmmədov: “Qurana mənfi rəy verməmişik”
Vəkil Elçin Qəmbərov: “Quranın da daxil olduğu 41 kitaba ”ekstremist ədəbiyyat” damğası vurulub”
Səid Dadaşbəyli və daha 15 nəfərin işi ilə bağlı məhkəmə prosesi davam edir. Ötən həftə təqsirləndirilən şəxsin vəkili Elçin Qəmbərov məhkəmə prosesində yaşanan qanun pozuntuları ilə bağlı mətbuata açıqlama verib. E.Qəmbərov bildirib ki, təqsirləndirilən şəxslərin işi ilə bağlı 41 dini ədəbiyyata rəy verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ekspertləri Ceyhun Məmmədov və Əliheydər Zülfüqarov müqəddəs Qurani-Kərimi də “ekstremist kitab”lar siyahısına salıblar.
Qeyd edək ki, bir gün öncə komitənin eksperti C.Məmmədovla danışdıqda o, araşdırma apardıqdan sonra ətraflı məlumat veriləcəyini demişdi. Qurani-Kərimin ekstremist ədəbiyyatlar siyahısına salınması cəmiyyətdə narazılıqla qarşılandığından məlumatı araşdırmaq qərarına gəldik.
Vəkil Elçin Qəmbərov bizimlə söhbətdə bildirdi ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məhkəməyə təqdim etdiyi rəydə siyahıda 9 və ya 10-cu kitab Qurani-Kərim olub. Komitə ekspertləri Quranın da daxil edildiyi siyahıdakı kitabları ekstremizmi təbliğ edən ədəbiyyatlar kimi təsnif ediblər. Bu isə məhkəmədə iştirak edənlərin narazılığına səbəb olub: “Mən özüm ekspert Əliheydər Zülfüqarova bildirdim ki, siz Quranı necə ekstremist kitab hesab edə bilərsiniz. Heç kim müqəddəs kitab barəsində bu sözü söyləyə bilməz”.
Məhkəmə prosesində dini ədəbiyyatlara rəy verilməsilə bağlı qalmaqalın yarandığını komitənin eksperti Ceyhun Məmmədov da etiraf etdi. Ancaq komitə ekspertinin sözlərinə görə, vəkilin iddialarının heç bir əsası olmayıb: “Vəkilin hərəkətlərində qərəz vardı. Ekspertizaya təqdim edilən 41 dini ədəbiyyatın hər birinə ayrılıqda rəy verilib. Biz də müsəlmanıq və üstəlik dini təhsilimiz var. Hər bir müsəlman yaxşı bilir ki, Quran ilahi kitabdır, ona kimsə bu şəkildə rəy verə bilməz”.
Qurani Kərimin tərtib olunan siyahıda 24-cü kitab olduğunu deyən həmsöhbətimiz buna da ayrılıqda rəy verildiyini bildirdi. Maraqlıdır, Qurana rəy vermək zərurəti nədən yaranıb? Ceyhun Məmmədovun sözlərinə görə, sözügedən kitabda həm Quranın ərəb dilində orijinal variantı, həm də fars dilində təcvid (avazlı oxunuş qaydası) yazıldığı üçün ekspertlər məhkəməyə kitabda nədən bəhs olunduğunu izah ediblər: “Kitabda Quranın orijinial ərəb dilində mətni ilə yanaşı, sonunda farsca təcvid qaydaları qeyd olunub. Kitab orijinal variantda, ərəb dilində olub. Biz də rəydə bunu izah etmişik. Çünki məhkəmədə və ya digər dövlət orqanlarında bu tip ədəbiyyatların izahatına ehtiyac olur”.
KƏNAN
Açar sözlər: kitab
