CAHANŞÜMUL HÖKUMƏT: ƏSAS VƏ HƏDƏFLƏR
Bismillahir Rəhmanir Rəhim
“Məhdəviyyət”ə inam, xeyirlərin və insani dəyərlərin yayılması, ədalətin bütün dünyada öz yerini tutması, tarixin müsbət sonluğu, cahanşümul din deməkdir.
“Məhdəviyyət” düşüncəsi, ədalət əsasında qurulmuş cahanşümul bir hakimiyyətin qurulması, zülm və dinsizliyin məhvi, bütün insanların həqiqi azadlığa çıxacağı və yeganə, şəriksiz Allaha pərəstişin həyata keçməsi deməkdir.
“Məhdəviyyət” ideyası azadlıqsevər insanların ilhamı, əməlisaleh bəndələrin arzusu, məzlumların qələbəsi və məhrumların səadətidir.
Bu ideya əsasında İmam Mehdinin (ə) hökuməti qurulacaq və dünyadakı zalım hökumətlər məhv olacaq. Elə bir hökumət ki, onu ilahi güc, saleh insan biləkləri və məzlumun göz yaşları, ahü-fəğanı vücuda gətirəcək.
Deməliyik ki, İmam Mehdi cənablarının cahanşümul hökumətinin özünəməxsus xüsusiyyət və əsasları vardır ki, onu başqa hökumətlərdən ciddi surətdə fərqləndirir.
1. İmamət və məsum imamın hökumətinin zəruriliyi;
“Məhdəviyyət” düşüncəsi və dünyada ədalətli, vahid hökumət qurmaq ideologiyasının əsas köklərindən biri Allah tərəfindən təyin olunmuş bir imamın ictimaiyyətdə vücudunun zəruriliyi və onun tərəfindən insanların düz yola yönəlmələri, cəmiyyətin nizamlanması üçün hökumət təsis etməyinin vacibliyidir. Məlum olduğu kimi imamın işlərindən biri ümmətə rəhbərlik etməkdir.
2. Tarixin sonu və saleh insanların hakimiyyəti;
“Məhdəviyyət” düşüncəsi – ədalət əsasında qurulmuş qlobal hakimiyyətin qurulması, zülm və dinsizliyin məhvi, bütün insanların həqiqi azadlığa çıxması və yeganə, şəriksiz Allaha pərəstişin həyata keçməsi deməkdir. |
Bu, Allahın insanla-ra, xüsusilə də məzlumlara qəti vədəsidir. Elə bir vədə ki, bütün peyğəmbərlər öz ümmətlərini onunla müjdələmişlər. Bu elə bir ideal hədəfdir ki, onun icrası heç bir peyğəmbər və imama qismət olmamışdir.
“Biz kitabdan (Tövratdan və yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq" (“Ənbiya”, 105).
Bis isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və varislər edək” (“Qəsəs”, 3).
3. Vahid dünya hökumətinin qurulmasının vacibliyi;
Dünyanın ümumi vəziyyəti göstərir ki, müharibə, aclıq, ədalətsizlik, özbaşınalıq, zorakılıq, mənfəəttələblik, zülm, fəsad və azğınlıq bəşəriyyət üçün ciddi təhlükədir. Son əsrlərdə beynəlxalq təşkilatların siyasi oyunları dünya üçün çox ciddi təhlkəyə çevrilmişdir. Bu növbənöv iztirab və gərginliyin aradan qaldırılması, insanların sülh və dostluğa, əmniyyətə olan ehtiyacının təmin edilməsi həzrət Mehdinin (ə) cahanşümul hakimiyyətinin bünövrəsini təşkil edir.
4. İnsanlar vahid fitrətə malikdir.
Nəzərə almalıyıq ki, insanlar vahid fitrət və xilqətə malikdirlər. Bütün insanların sülh və aramlığa ehtiyacları vardır, hamı düşmənçilik və müharibədən bezardır. Bu istək dünyada vahid hökumətin qurulması üçün əsas və bünövrələrdən biri olacaq.
5. İnsanların tərəqqi və inkişafı;
Bəşər daim tərəqqi və yüksəliş amalındadır. O, bu hədəfə nail olmaq üçün yoruldum demədən çalışır. Lakin bilmək lazımdır ki, həqiqi kamillik və yüksəliş, əsl ilahi hökumətin və kamil insanın-bəşərin hidayətçisinin zühuru ilə mümkün olacaqdır.
6. Ədalətin zəruriliyi;
Ədalət və onun cəmiyyətdə bərqərar olması bütün insanları, xüsusilə də mütəfəkkirləri daim düşündürmüşdür. Onlar daim bu qiymətli gövhərə yol tapmaq üçün baş sındırmışlar. Amma təəssüf ki, bu, günümüzədək baş tutmamış və insanlar ədalətsizlik, zülm əlindən qan ağlamışlar.
Maddi imkanların 80%-i həmişə bir qrup şəxsin ixtiyarında olmuşdur. Bu ədalətsizliyin aradan qaldırılması üçün dünyada ədalətli və vahid bir hökumətin təşkili vacibdir. Bu məsələ öz həllini həzrət Mehdinin (ə) hökumətinin qurulması ilə tapacaq.
7. Allahpərəstlik;
Yeganə Pərvərdigara ibadətə dəvət bütün peyğəmbərlərin hədəfi olmuşdur. Onlar bu hədəf uğrunda hər cür əzab-əziyyətə dözmüş, müharibələr etmiş və hökümət qurmuşlar. Lakin onlar müxtəlif səbəblər üzündən bu hədəfi bütün dünyada yaya bilməmişlər.
Yer üzü Allahın istəyi ilə idarə olunmalı və bütün bəşəriyyət xoşbəxt yaşamalıdır. Bu hədəf İmam Mehdinin (ə.f.) zühuru ilə həyata keçəcək.
Tərcümə etdi:
M. Bəşirov.


