NİCATIMIZ DİNİ VƏ MİLLİ BİRLİYİMİZDƏDİR
SƏHİHEYNİN HƏDİSLƏRİNİN MƏTN CƏHƏTİNDƏN ZƏİFLİYİ
HƏDİSİN DEYİLİŞİ İLƏ YAZILIŞI ARASINDA OLAN FASİLƏ Səhiheyn hədislərinin zəifliyi barədə olan bizim birinci və ikinci dəlilimiz, bu iki kitabın müəlliflərinin təəssübkeşliyi və sənədlərinin zəif olmasıdır. Bu barədə kifayət qədər söhbət olundu. İndi isə əziz oxucularımızın diqqətini üçüncü dəlilə cəlb etmək istəyirik. Kitabın ilk səhifələrində hədis barədə müxtəsər söhbət olundu. Hədis söyləməyin və yazılışının qadağan olunması və həmçinin Peyğəmbərin (s) vəfat tarixindən Ömər ibn Əbdul-Əzizin xilafət dövrünə kimi saxta və qondarma hədislər barədə araşdırma aparıldı. İndi isə Səhiheyn və bu iki kitabın bütün hədislərini səhih bilən bir çox şəxslər bu sualla üz-üzə dururlar: Hədis yazılışının bir əsr boyu qadağan olunması və uzun müddət şifahi olaraq hədis söyləməyin qarşısı alinmışdı. Başqa tərəfdən isə bu dövrlərdə yalan hədis söyləyənlər çox olmuşdur. Əllərində olan bütün imkanlardan istifadə etmələrinə baxmayaraq, qondarma hədislərin tərəfdarları bu yolda kifayət qədər bəhrə əldə edə bilməmişlər. Bəli, bu uzun əsrlər boyu hədis elmi ciddi mənfi təsirlərə məruz qalmışdır. Hədislərin mətnlərində hansı dəyişikliklər əmələ gəlmişdir?! İslam qanununda ən mühüm sənəd olan Peyğəmbər (s) sünnəsinin hansı həqiqətləri aradan getmiş və onun yerinə hansı səhv məsələlər qoyulmuşdur?! Uzun müddət öz ata-babalarından hədis ünvanında məsələ nəql edənlər, hədislərin İslam hökmlərinin budaqları və kökü olduğuna etiqad bəsləyərək nəql edirdilər. Lakin o hədislərin əsas kökündən, düzgün olub-olmamasından heç bir xəbərləri yox idi. Səhiheyn və bu iki kitabın bütün hədislərini səhih sayanlar öz qarşılarına çıxan bu suala tutarlı və qaneedici bir cavab verə bilməmişlər. Əhli-sünnə yazıçılarının bəziləri öz yaddaşlarını kitabların və yazıların yerinə istifadə etmişlər.[1] Lakin, qeyd etmək lazımdır ki, yaddaşlar nə qədər güclü olsa belə, yazıların və sənədin yerini tuta bilməz. Başqa bir tərəfdən, əgər hədislər az vasitə ilə kitablarda yazılmış olsaydı, qeyd olunan məsələdən qaçmaq üçün yaddaşa etimad etmək olardı. Lakin, səhiheyn kitablarını araşdırdıqda aydın olur ki, bəzən hədislər neçə vasitə ilə Peyğəmbərə (s) çatır. Bu da hədisin deyilişi ilə yazılışı arasında olan böyük məsafənin olması deməkdir. Bu özü də təbii bir məsələdir. Hər bir hədisin mənasını söyləyərkən istər–istəməz o hədisin sözlərində azaltma və artırma ehtimal olunur. Əgər bu məfhumi nəql bir neçə nəfərin vasitəsi ilə nəql olunarsa onda bu nəqlin vəziyyəti aydın olur. Bu da bizim səhiheynin hədislərinin zəifliyinə üçüncü dəlilimiz idi. İndi isə diqqətinizi dördüncü dəlilə cəlb edirik!YARIMÇIQ YAZILMIŞ HƏDİSLƏR (senzura olunmuş hədislər) Səhihi-Buxarinin hədislərinin zəif olmasına və etibarsızlığına olan dördüncü dəlilimiz onun hədislərinin bir qisminin Buxari tərəfindən senzura[2] olunmasıdır. Bu qəbahətli iş Buxaridə mənəvi hökmranlıq edən həmin təəssübkeşliyin təsiridir. Buna görə də şerlərdə məzmunu Əlinin (ə) fəzilətinə işarə olan hədislər və ya xəlifələrdən birinin cahilliyinə və səhvlərinə dəlil olan hədisləri kəsib atdığının şahidi oluruq. Bu əməllə hədisin əvvəlinin, ya onun axırının və bəzən də ortasından bir cümlənin ixtisar olması o fəzilətlərin və nöqsanların üzərinə pərdə asmışdır. Hədis elmi nəzərində hədislərdə dəyişiklik etmək və ya onların həqiqətini gizlətmək əmanətin qorunmasında xəyanətə mürtəkib olmaq deməkdir. Bu əməl buna dəlildir ki, Buxari öz camesinin (səhihinin) yazılmasında bir mühəddis, təfsirçi və tarixçi kimi həqiqəti təmiz çatdırmaqla öz vəzifəsinə layiqincə əməl etməmişdir. Halbuki, öz vəzifəsinə əməl etməməklə yanaşı həm də öz səliqəsi və zövqünə uyğun gəlməyən hədisləri ixtisar etmişdir. Belə həqiqətləri gizlətmək və ya onları ört-basdır etmək bir mühəddis üçün ən böyük xəyanətə mürtəkib olmaq deməkdir. Çünki, həqiqəti gizlətmək və onu dəyişmək özü ilə bir çox fikirləri azdıracaqdır. Bundan əlavə, Buxarinin öz zövqi ilə hədislərin başına açdığı oyunlar bizə bunu çatdırır ki, həqiqi səhih hədislərin ən mühüm hissələri o günlərdə Buxarinin əlində olmuşdur. Lakin, onun üslubu və zövqi ilə uyğun olmadığına görə onları öz kitabında yazmamışdır. Bununla da hədislərin mühüm hissələri tədricən aradan getmişdir. Öz kitabında hansısa bir hədisi yazmaq istəyən bir şəxs hədis yazmaqda belə “üslub”u seçərsə, onun zövqi ilə uyğun olmayan hədislərlə rəftarının necə olacağı məlumdur. İndi isə sizə belə hədislərdən bir neçəsini nümunə olaraq gətiririk:Ardi var.....Açar sözlər:
